Bağlama xarici anbara daxil olduqdan sonra nə etmək lazımdır?

Bizə tez-tez verilən suallardan biri də müştərilər tərəfindən sifariş olunan bağlamaların Çindəki xarici anbarımıza daxil olduqdan sonra, onların bəyan edilmə prosesinin necə olması haqqındadır.

Məhsulun bəyan olmasının ümumi proseduruna toxunmadan öncə onu qeyd etmək istəyərdik ki, bağlamalar anbara daxil olub sistemə salındıqdan sonra, standart qaydada bütün müştərilərə bu barədə SMS və e-poçt vasitəsilə bildiriş göndəririk.

Mesajı aldıqdan sonra, saytımızdakı şəxsi kabinetinizdə “Sifarişlərim” bölməsinə daxil olmağınız tələb olunur. 

“Sifarişlərim”ə daxil olduqdan sonra “Əməliyyat” bölməsinin içində əks olunan qələm işarəsinin üzərinə klikləyin.

Açılan yeni pəncərədə müvafiq xanalar doldurulmalı və invoys faylı yüklənməlidir.

Bunları etdikdən sonra “Yadda saxla” düyməsinə klikləyərək bağlamanın saytımızda bəyan edilməsini yekunlaşdırırsınız.


Məhsulunuzun invoysda qeyd olunan toplam qiymətini, saytda qeyd olunan toplam qiymətlə üst-üstə düşməsinə diqqət yetirmək tələb olunur.

Əgər siz biznes hesab sahibisinizsə, bu zaman bəyan etmə proseduru sizin üçün bitmiş hesab olunur. Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri bağlamanız Azərbaycana çatdırılandan sonra sizə bizim tərəfimizdən təqdim olunacaqdır.

Əgər siz fərdi hesab sahibisinizsə, bağlamanın bəyanını saytımızda yekunlaşdırdıqdan sonra Dövlət Gömrük Komitəsinin rəsmi tətbiqi - Smart Customs proqramına daxil olaraq orada qeyd olunan məhsulları da bəyan etməlisiniz.

"Smart Customs” tətbiqində hesabınız mövcud deyilsə, tətbiqi mobil telefonunuza yükləyə və ya kompüter vasitəsilə rəsmi veb-sayta daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://e.customs.gov.az/auth/login

Smart Customs tətbiqində məhsulu bəyan etmək üçün oradakı mövcud hesabınıza daxil olaraq “Elektron ticarət – sadələşdirilmiş bəyannamə” bölməsini seçməlisiniz.

Daha sonra “Bəyan edilməmişlər” yazısının üzərinə klikləyərək artıq hesaba əlavə olunan bağlamanı bəyan etməlisiniz. Bundan sonra sizə yalnız məhsulunun növbəti reyslə Çindən Bakıya gəlməsini gözləmək qalır.

Bağlamanı bəyan edərkən nəzərə alınmalı məqamlar

Bağlamanı bəyan edərkən onun invoysdakı toplam qiymətinin və sayının düzgün yazılması mütləqdir. Bu parametrlərin səhv qeyd olunması məhsulun saxlanılma ehtimalını da artırır. 

Bəzi hallarda müştəri Smart Customs hesabına daxil olarkən bağlamanı orada görməyə bilər (məhsulu saytımızda bəyan olunsa da), buna səbəb təqvimin yenilənməsidir.

Hər ayın 1-i müştərilərin həyata keçirdikləri əməliyyatlar haqqında məlumatlar sıfırlanır və keçmiş aylardan qalma bağlamaları görmək üçün hesabdakı filtrlərdən istifadə etmək lazım olur.

300 dollar

Son olaraq vurğulamaq istəyirik ki, məhsulu bəyan edərkən 300 ABŞ dolları dəyərində təyin olunan aylıq limiti keçirsinizsə, yalnız sizə təyin olunan dövlət rüsumunu ödədikdən sonra bağlamanızı Smart Customs tətbiqində bəyan edə biləcəksiniz. 

Smart Customs tətbiqində qeydiyyatdan keçən və ya məhsulunu bəyan edən müştərilərin tətbiqdə qeyd etdikəri FİN və mobil nömrə, elpost.az saytındakı hesablarında qeyd etdikləri FİN və mobil nömrə ilə eyni olmalıdır.
Qeyd olunan parametrlər üst-üstə düşmədiyi halda, bağlamanın bəyan olunması mümkün olmur.  

Fərdi hesaba bağlı olan, lakin müştəri tərəfindən Smart Customs tətbiqində bəyan olunmayan bağlamalar, xarici anbarımızdan çıxarılmır və onlara ayrıca reys təyin olunmur.