Bağlamalar gömrükdə saxlanılan zaman nə etmək lazımdır?

Bir çox şəxs bağlamalarının Dövlət Gömrük Komitəsi tərəfindən saxlanıldığı zaman nə edəcəyini bilmir. Bu yazıda hamının başına gələ biləcəyi hallardan danışırıq.

Hər hansı fiziki şəxs Dövlət Gömrük Komitəsinin təyin etdiyi qanuna əsasən şəxsi istifadə üçün eyni məhsuldan bir təqvim ayı ərzində maksimum 2 ədəd sifariş etmək hüququna malikdir. 

Təyin edilən say limiti məhsulun təyinatına görə dəyişə bilər, çünki elə məhsullar var ki, 2 ədəd sifariş edilsə belə, saxlanılma ehtimalı var. Bu barədə daha dəqiq və ətraflı məlumat almağınız üçün 195 qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Bəs bağlama hansı hallarda Dövlət Gömrük Komitəsi tərəfindən saxlanıla bilər?

Bağlamaların saxlanılma səbəbləri bir neçə kateqoriyaya bölünür:

1. Bağlamada olan məhsulun şəxsi istifadə üçün deyil, kommersiya məqsədli olması.

Elə məhsul sifariş edə bilərsiniz ki, şəxsi istifadə üçün istifadə oluna bilməz. Məsələn, stomatoloji avadanlıq. Belə məhsullar kommersiya təyinatlı hesab olunur.
 

2. Qadağan edilmiş və məhdudlaşdırılmış məhsulların daşınması.

Qadağan edilmiş və ya daşınmasına məhdudiyyət qoyulmuş məhsullar barədə məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: 

http://www.e-qanun.az/framework/5633


3. Bahalı brend şirkətlərinin məhsullarının surətinin (kopyasının) daşınması.

Sifariş etdiyiniz məhsullar hansısa brend məhsulun kopyası olarsa, onun Dövlət Gömrük Komitəsi tərəfindən saxlanılma ehtimalı mövcuddur. 


4. Sifariş etdiyiniz məhsulların sayının çox olması.

Şəxsi istifadə üçün sifariş etdiyiniz məhsulun sayı gömrük tərəfindən təyin edilən say limitini keçərsə, bu zaman da bağlamanın saxlanılması mümkündür.

Bağlamanız Dövlət Gömrük Komitəsi tərəfindən saxlanıldığı zaman sizə “ELPOST” və “Smart Customs” tətbiqi tərəfindən bildiriş göndərilir. Bağlamanızı gömrükdən təhvil almağınız üçün müvafiq sənədlərə (aviaqaimə və barkod) ehtiyacınız olacaq. 

Həmin sənədləri bizim ofisə yaxınlaşıb daşınma haqqını ödədikdən sonra əldə edəcəksiniz. Sənədləri əldə etdikdən sonra bağlamalarınızın çıxarılması üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşən Bakı Baş Gömrük İdarəsinə yaxınlaşmağınız lazımdır. 

Əlavə olaraq qeyd etmək istəyirik ki, şirkət olaraq biz bağlamaların daşınmasını həyata keçirir, və bağlamalarınızın Azərbaycana çatdırılmasına məsuliyyət daşıyırıq. Bağlamalarınızın Dövlət Gömrük komitəsi tərəfindən saxlanılıb saxlanılmamasına məsiliyyət daşımırıq.